Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ilin I yarısında aparılmış yoxlamalar nəticəsində 26 milyon 840,2 min manat məbləğində vəsaitin bərpası təmin edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Bunun 25 milyon 363,1 min manatını artıq ödənişlərin, 1 milyon 477,4 min manatını əsassız ödənişlərin bərpası təşkil edib.
Hesabat dövründə Xidmətin əməkdaşları tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində təqsirkar şəxslər tərəfindən 25 milyon 929,6 min manat məbləğində vəsaitin bərpası təmin edilib.
Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 6 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 43,9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.
Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 76 nəfər vəzifəli şəxsə 54,4 min manat məbləğində cərimələr tətbiq olunub .*
A.Əzizov