Belarus və Azərbaycanı möhkəm tərəfdaşlıq telləri bağlayır, bir çox layihələr işlənmə mərhələsindədir. Bunu Belarusun baş naziri Roman Qolovçenko Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovu diplomatik missiyasının başa çatması münasibətilə qəbul edərkən deyib.
“Belarus ilə Azərbaycan arasında möhkəm dostluq, tərəfdaşlıq və əməkdaşlıq telləri mövcuddur. Əmtəə dövriyyəmiz çox yaxşı göstəricilərə malikdir: pandemiyaya baxmayaraq, bu göstərici 2019-cu illə müqayisədə 2020-ci ildə 1,5 dəfəyə qədər artıb, 2021-ci ilin beş ayı ərzində isə demək olar ki, 2 dəfə artım müşahidə olunur. Bir çox layihələr işlənmə mərhələsindədir. Azərbaycan biznesi Belarusda fəal işləyir”, - deyə Qolovçenko qeyd edib.
Öz növbəsində, Qəndilov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi yaxşı templərlə artır. “Düşünürəm ki, bu il biz çox yaxşı rəqəmə çatacağıq. Kənd təsərrüfatı və qida məhsulları sahəsində ticarət yaxşı gedir, bu sahə ticarət dövriyyəsinin ümumi həcmində xüsusi çəkiyə malikdir. Neft sahəsində əməkdaşlıq da inkişaf edir”, - deyə o əlavə edib.*
R.Əhmədov