Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri Marmaris bölgəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısını alıblar. Bu barədə FHN-in məlumatında deyilir.
“Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, yanğınların söndürülməsi əməliyyatları davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, iyulun 30-da FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Türkiyənin Dalaman vilayətinə yola düşüb. Bundan başqa, Türkiyəyə FHN-in 2 helikopteri və 50 ədəd müxtəlif texnika göndərilib.
İyulun 31-də yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb. Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.
Meşə yanğınlarının söndürülməsi üçün nazirliyin 500 nəfərdən ibarət şəxsi heyətinin Türkiyəyə göndərilməsi planlaşdırılır.*
A.Salayeva