Müdafiə naziri general-polkovnik Zakir Həsənov bazar ertəsi keçirilən xidməti müşavirədə Azərbaycan–Ermənistan sərhədində vəziyyəti müzakirə edib.
“Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Məlumata əsasən, Həsənov döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.
“Bundan başqa, nazir işlərin qısa zamanda yekunlaşdırılması, qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsi, hərbi hissələrin, xüsusilə də yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin və mövqelərin qışa hazırlığının təmin edilməsi, həmçinin hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılması barədə komandir-rəis heyətinə göstərişlər verib”, - nazirlikdən vurğulanır.
Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. **
N.Abbasova