Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələni parlamentə tövsiyə edib.
Bazar ertəsi parlamentin İntizam komissiyası müvafq rəy qəbul edib.
“İclasın yekunlarına dair İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib. Məsələ müzakirələrdən sonra parlamentin avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Komissiya üzvlərinin hamısı (11 nəfər) bu qərarın lehinə səs veriblər”, - “İnterfaks-Azərbaycan”ın müxbəri iclasdan məlumat verir.
İyulun 31-də Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Milli Məclisdən verilən məlumata görə, növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
İyul ayının 29-na keçən gecə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. KİV-in məlumatına görə, bir neçə polis əməkdaşı restorana gələrək gecə saat 12 olduğu üçün karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb ediblər. Sərxoş vəziyyətdə olan Eldəniz Səlimov onlardan restoranı tərk etmələrini tələb edib. Baş verən dava zamanı deputat polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. **
E.Şəfiyev