Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verib.
6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq.
Hazırda Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verilib.*
X.Nəsirzadə