2025-ci ilədək Azərbaycanda 17 DOST Mərkəzinin yaradılması planlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaradılacaq DOST mərkəzlərinin filiallarının qurulmasına dair layihələrin təqdimatı tədbirində bildirib.
“2025-ci ilədək 17 DOST Mərkəzinin yaradılması nəzərdə tutulur. Regional DOST mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları, beləliklə, 17 DOST Mərkəzi üzrə onların 47 filialı da yaradılacaq”, - deyə S.Babayev qeyd edib.
Onun sözlərinə görə, hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki və Sabirabad rayonlarında DOST mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işləri aparılır.
S.Babayev, eyni zamanda, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərimizdə DOST mərkəzləri və filiallarının qurulacağını deyib. O vurğulayıb ki, əsas hədəflərdən biri də şəbəkə genişləndikcə keyfiyyətin artırılması və xidmətlərin dairəsinin genişləndirilməsidir.
Bu il Virtual DOST aplikasiyasının da istifadəyə veriləcəyini deyən nazir nəticədə internet bağlantısı olan istənilən yerdən hər kəsə DOST xidmətlərindən faydalanmaq imkanı yaradılacağını bildirib.
O, DOST mexanizmi çərçivəsində əmək münasibətləri üzrə mediasiya xidmətlərinin göstərilməsinin, sosial-psixoloji dəstək xidmətlərinin (həm Çağrı mərkəzi vasitəsilə, həm əyani şəkildə) dairəsinin genişləndirilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.*
X.Nəsirzadə