Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən meşə yanğınları ilə mübarizədə onlara dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə və digər dünya liderlərinə təşəkkürünü bildirib. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
“İlk andan etibarən göstərdikləri dəstəyə görə xüsusilə Azərbaycan Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkürümü bildirirəm”, - deyə Ərdoğan bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə bu günə qədər görünməmiş fəlakətlə üzləşib.
Onun sözlərinə görə, Fransa İspaniyada da yanğın ola biləcəyini bildirərək Türkiyəyə təyyarə göndərə bilməyəcəyini deyib. “Onlar təkliflərini geri götürdülər”, - deyə Çavuşoğlu əlavə edib.
“Biz birlikdə mübarizə aparacağıq və bunun öhdəsindən birlikdə gələcəyik”, - deyə agentlik nazirin sözlərindən sitat gətirir.
Bu günə olan vəziyyətə görə, Türkiyənin 32 vilayətində yanğın ocaqları qeydə alınıb.*