2021-ci ilin birinci yarısında real vaxt rejimində Azərbaycanın milli ödəniş sistemi (MÖS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 98,5 milyard manat təşkil edib, bu da ötən ilin analoji dövrünnün göstəricisindən 7,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
“2021-ci ilin birinci yarısının yekunları üzrə milli ödəniş sistemi (AZIPS və HÖNKS - İF) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 98,5 milyard manata, əməliyyatların sayı – 35,5 milyona çatıb. Həmçinin, AZIPS sistemi vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 83,2 milyard manat, əməliyyatların sayı - 471 min, HÖNKS sistemi vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 15,3 milyard manat, əməliyyatların sayı – 35,1 min təşkil edib. Ötən ilin analoji dövründə ödənişlər sisteminin həcmi 106,4 milyard manat, əməliyyatların sayı – 27,7 min təşkil edib”, - AMB-dən qeyd olunur.
AMB-dən vurğulanıb ki, bu dövr ərzində Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə həyata keçirilən 30,5 milyon əməliyyatların həcmi 1,9 milyard manat təşkil edib, bunun 55%-i nağdsız formada həyata keçirilib. 2020-ci ilin analoji dövrü ilə müqayisədə nağdsız ödənişlərin həcmi 22,7% artıb.
“Ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci ilin birinci yarısı ilə müqayisədə 6% bəndi artaraq 28,1% təşkil edib”, - AMB-dən qeyd ediblər.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb.
“2021-ci ilin I yarısında elektron ticarət əməliyyatlarının sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40,3% artaraq 43,2 mln. ədəd, həcmi isə 35,6% artaraq 2,4 mlrd. manat təşkil edib”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə