Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Sumqayıt şəhərində inşa olunacaq çoxmənzilli yaşayış binalarının tikinti layihəsinin hazırlanmasına 265 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, MİDA “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 265 min manatdır.
Yeni kompleks Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 ha ərazidə inşa olunacaq.
Hazırda MİDA Sumqayıt şəhərində ümumi sahəsi 0,76 hektar olan ərazidə yaşayış kompleksinin tikintisi layihəsini reallaşdırır. Yaşayış kompleksi 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Bütün işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 36-sı birotaqlı, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində işlərə başlayıb.*
B.Rüstəmbəyov