Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) informasiya və kommunikasiya texnologiyaları (İKT) komitəsi yaradılıb.
“Müvafiq qərar Assosiasiyanın Müşahidə Şurasının cari ilin 2-ci rübünün yekunlarına həsr olunmuş iclasında qəbul edilib. Komitənin yaradılmasında başlıca məqsəd yerli sığorta bazarında fəaliyyət göstərən şirkətlərin informasiya texnologiyaları sahəsindəki ümumi problemlərinin daha çevik və sistemli şəkildə həll edilməsindən, eyni zamanda, şirkətlərdəki İT istiqamətinin inkişafının stimullaşdırılmasından ibarətdir”, - deyə məlumatda bildirilir.
Komitənin üzv heyətinin formalaşdırılması məqsədi ilə sığorta şirkətlərinə artıq müraciət də ünvanlanıb.
Hazırda ASA-nın strukturuna 3 komitə: Qeyri-həyat sığortası komitəsi, Hüquq komitəsi və Həyat sığortası komitəsi daxildir.
Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Respublikasında fəaliyyət göstərən və Assosiasiyanın üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərilməsi, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarının inkişaf etdirilməsi və bu sahədə elmi biliklərin artırılması məqsədilə yaradılmış qeyri-hökumət təşkilatıdır. ASA 29 dekabr 2006-cı il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 18 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti ASA-nın üzvüdür.*
X.Nəsirzadə