Avqustun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
“Nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə XİN-in məlumatında bildirilir.
Mövlud Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
“Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Mövlud Çavuşoğlu ötən gün keçirilən mətbuat konfransında bildirib ki, avqustun 5-də Azərbaycandan 10 nəfərdən ibarət ekipajı ilə birgə 1 təyyarə, 40 yanğınsöndürən maşın və 150 nəfər şəxsi heyət Türkiyəyə gələcək.
“Anadolu” agentliyinin məlumatına görə, azərbaycanlı yanğınsöndürənlərdən ibarət daha bir qrup artıq Türkiyəyə gəlib. “FHN-in 150 əməkdaşından ibarət komanda iki qrupa ayrılaraq, Kavaklıdere ve Menteşedeki (Muğla) yanğın bölgələrinə göndərilib. Keçən həftə Azərbaycandan Muğlaya gələn 110 nəfərlik heyət tərəfindən yanğınsöndürmə işləri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev