Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat verir.
Telefon söhbəti zamanı Əliyev Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Ərdoğana bir daha başsağlığı verdi.
Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək, ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirdi. Dövlət başçısı yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırdı.
Azərbaycan prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif etdi və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını dedi.
Türkiyə lideri bu əlavə dəstəyə görə təşəkkürünü bildirdi və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümü olduğunu diqqətdə çatdırdı.
Söhbət zamanı Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verdi və Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğuladı.
Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirdi.
“Liderlər söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi apardılar”, - məlumatda deyilir. **
X.Nəsirzadə