Azərbaycan prezidenti İlham Əliyev cümə günü əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Əliyevə məlumat verilib ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparıldı.
“Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub”, - məlumatda deyilir.
Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək. **
B.Rüstəmbəyov