Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Müdafiə naziri Zakir Həsənova buradakı inzibati və texniki ərazilərdə mövcud tikililər və inkişaf planı haqqında məlumat verilib.
“Nazirə bildirilib ki, quru ərzaq məhsullarının və əşya əmlakının saxlanılması üçün tələb olunan qurğu və sistemlərlə təchiz edilmiş bir neçə anbar istifadəyə verilib, işğaldan azad edilmiş ərazilərimizdə ərzaq və əşya əmlakı anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daima yaxşılaşdırılması, eləcə də qışa hazırlıq işinin vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib”, - məlumatda qeyd olunur. **