Bazar günü Tokioda koronavirus pandemiyası səbəbindən 2020-ci ildən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Ənənəyə əsasən, əllərində təmsil etdikləri ölkənin bayraqları ilə idmançılar stadiondan keçiblər. Açılış mərasimində olduğu kimi, stadiona tamaşaçılar buraxılmayıb. Tribunalarda yalnız rəsmi nümayəndə heyətlərinin nümayəndələri əyləşib.
“Tokio Olimpiya Oyunları ümid, həmrəylik və sülh Olimpiadasına çevrildi”, - Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax mərasimdə bildirib.
Mərasimin sonunda Bax Tokio-2020 Yay Olimpiya Oyunlarını bağlı elan edib və xatırladıb ki, idmançılar 3 ildən sonra növbəti Olimpiada üçün Parisdə toplaşacaqlar.
Bağlanış mərasiminin yekununda olimpiya məşəli söndürülüb.
Azərbaycan yığması 3 gümüş və 3 bürünc medal ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında 67-ci yerdə qərarlaşıb. Birinci yerdə ABŞ (39-41-33), ikinci yerdə - Çin (38-23-18), üçüncü yerdə -Yaponiya (27-14-17), dördüncü yerdə - Böyük Britaniya (22-21-22), beşinci yerdə - Rusiya (20-28-23) qərarlaşıb.
Ümumilikdə, 93 ölkənin idmançıları medal qazanıblar.
Avqsutun 24-də Tokioda 2020 Yay Paralimpiya Oyunları start götürür və sentyabrın 5-na başa çatacaq. **