BP-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 2021-ci ilin I yarısında $942,4 milyon məbləğində sifariş yerinə yetiriblər ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 15,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bu məbləğdən $532,8 milyon dəyərində sifariş 14 birgə müəssisə, $20,4 milyon dəyərində sifariş 20 dövlət müəssisəsi, $186,9 milyon dəyərində sifariş 182 kiçik və orta müəssisə, $202,3 milyon dəyərində sifariş isə BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən xarici şirkətlər tərəfindən yerinə yetirilib”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar-iyun aylarında sosial layihələrin həyata keçirilməsinə $901 min məbləğində investisiya qoyulub.
BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” yatağının işlənməsi layihələrin iştirakçısı, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz boru kəməri magistralı layihələrinin səhmdarı, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsinin, D-230 blokunun və Şəfəq-Asiman strukturunun kəşfiyyatı və işlənməsi üzrə layihələrin səhmdarıdır.*