Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.
“Məruzə edilib ki, avqustun 22-dən İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
“Sonra müdafiə nazirinə əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi təqdim olunub. Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev