Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Nazirlər ikitərəfli münasibətlərin aktual məsələləri, regional və beynəlxalq gündəliyə daxil olan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Xüsusilə bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinin tezliklə bərpasının vacibliyi vurğulanıb.
Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsinin müxtəlif aspektləri, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşdırılması yolları barədə fikir mübadiləsi aparıblar.
“Söhbət zamanı XİN başçıları, həmçinin çoxplanlı Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ticarət və iqtisadi əlaqələrdə inamlı artımı məmnunluqla qeyd ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il iyul ayının 20-də Rusiyaya işgüzar səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırılması ilə bağlı qarşılıqlı niyyət təsdiqlənib”, - deyə Rusiya XİN bildirir.*
B.Rüstəmbəyov