Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Abşeron” yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı.
“Abşeron” enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük, məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.
Yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Yarımstansiya Azərbaycanın 4 ən böyük istilik elektrik yarımstansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Sumqayıt”, “Şimal” və “Cənub” Elektrik Stansiyaları, həmçinin Mingəçevir Su Elektrik Stansiyası, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib.
Qarşıda duran layihələrdən biri də Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisidir. Bununla əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.*
B.Rüstəmbəyov