2021-ci ilin yanvar-iyun aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 20 milyon 325,2 min ton təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 6,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yükdaşımaların azalması koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə izah olunur.
Hesabat dövründə dəhliz çərçivəsində 6 milyon 598,6 min ton yük və ya bütün yükdaşımaların 32,5%-i dəmir yolu nəqliyyatı (artım 1,3% - İF), 11 milyon 407 min ton yük və ya 56,1% avtomobil nəqliyyatı (azalma 9,4%), 2 milyon 319,6 min ton yük və ya 11,4% dəniz nəqliyyatının (azalma 10,1%) payına düşüb.
Yanvar-iyun aylarında dəhliz vasitəsilə daşınmış yüklərin 22,9%-ni və ya 4 milyon 652,6 min tonunu (artım 7,4%) tranzit yüklər təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
B.Rüstəmbəyov