Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Mişel Pitermansla görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, M.Pitermans etimadnaməsinin surətini C.Bayramova təqdim edib.
“C.Bayramov Pitermansı təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Belçika arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib”, - deyə məlumatda bildirilir.
Səfir Azərbaycan ilə Belçikanın iqtisadi, ticarət, kommersiya və təhsil sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub, qarşılıqlı tələbə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
“Tərəflər Azərbaycan ilə Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova