Avqustun 9-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib”, - deyə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
“Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Bolqarıstana təkcə təbii qaz deyil, elektrik enerjisinin də ixracına başlayıb və bu da energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır”, - deyə məlumatda qeyd olunur.
Prezident Rumen Radev Azərbaycanda yaradılmış sosial innovasiya mərkəzlərinin əhəmiyyətini vurğulayaraq bu sahədə ölkəmizin təcrübəsinə maraq ifadə edib.
“Bolqarıstanın dövlət başçısı Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlıq ifadə edərək, bu səfərin münasib vaxtda həyata keçiriləcəyini bildirib”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Avropaya illik 10 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli nəzərdə tutulub.
Azərbaycan 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.*
N.Abbasova