Prezident İlham Əliyev “Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,96 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.*