Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanla Azərbaycan arasında problemlərin sülh yolu ilə həllinin vacibliyini bildirib.
“Mən bu gün sərhəddə oldum, motoatıcı alaya baş çəkdim. Əslində, sərhəd yoxdur, bu, qarşıdurma xəttidir. Vaxtaşırı orada toqquşmalar və atışmalar baş verir. Əlbəttə, belə olmamalıdır. Bu vəziyyəti, bu böhranı aradan qaldırmaq üçün hər şey edilməlidir ki, hər kəsin öz xətti olsun”, - deyə Zas bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.
Onun sözlərinə görə, sərhəddəki böhranı aradan qaldırmaq və sərhədlərin təhlükəsizliyini təmin etmək lazımdır.
“Əminəm ki, siz problemləri məhz diplomatik və siyasi yollarla həll edəcəksiniz. Biz bu vəziyyəti may ayında xarici işlər nazirləri səviyyəsində də müzakirə etmişdik və tərəflərin danışıqlar masası arxasına oturması və problemləri həll etməsi üçün bütün səylərin göstərilməsi ilə bağlı ümumi anlayış var idi”, - deyə baş katib qeyd edib.*