2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 27,5 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,6% azalıb, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,4% artıb.
Yanvar-iyul aylarında sənaye məhsulunun 62,7%-i mədənçıxarma sektorunda, 31,3%-i emal sektorunda, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 88,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7%, tütün məmulatlarının istehsalı 62,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 56,4%, tikinti materiallarının istehsalı 46,7%, elektrik avadanlıqlarının istehsalı 46,7%, kağız və karton istehsalı 31,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,5%, hazır metal məmulatlarının istehsalı 10%, neft məhsullarının istehsalı 8,5%, qida məhsullarının istehsalı 6,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6%, maşın və avadanlıqların istehsalı 4,8%, içki istehsalı 1,8%, geyim istehsalı 1,2% artıb, kimya sənayesi məhsullarının istehsalı 3,7%, mebel istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8%, poliqrafiya məhsullarının istehsalı 50,6%, sair nəqliyyat vasitələrinin istehsalı 71,3% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,7% artıb.
2020-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi COVID-19 infeksiyası ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunması və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması fonunda 5% azalıb.*
N.Abbasova