2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 7 milyard 59,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,4%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,4% azalıb.
2021-ci ilin yanvar-iyul aylarında istifadə olunmuş vəsaitin 4 milyard 883 milyon manatı və ya 69,2%-i məhsul istehsalı sahələrinə, 1 milyard 639 milyon manatı (23,2%-i) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 595,6 milyon manatını (bütün investisiyaların 36,8%-i) xarici, 4 milyard 463,7 milyon manatını (63,2%) daxili vəsaitlər təşkil edib.
2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.*
B.Rüstəmbəyov