2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 milyard 931,1 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard 379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 2,4%), 10 milyard 551,7 milyon manatlıq qeyri-ərzaq malları (azalma 2,8%) satılıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 13,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6%-i ticarət müəssisələri, 49,5%-i fərdi sahibkarlar tərəfindən, 22,9%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7%, fərdi sahibkarlar üzrə 0,5% artıb, bazar və yarmarkalarda isə 11% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.*
B.Rüstəmbəyov