Azərbaycanda “Iter Vitis Azerbaijan” şərab marşrutu hazırlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Şərifə Həsənova məlumat verib.
“Layihə artıq hazırdır. Biz Gürcüstan tərəfindən işlərin başa çatdırılmasını gözləyirik, bundan sonra “Iter Vitis Caucasus” şərab marşrutu istifadəyə veriləcək”, - deyə Ş.Həsənova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bu marşrut Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Göygöl, Şəmkir, Gəncə və Tovuzu əhatə edir. Tur çərçivəsində şərabın dequstasiya edilməsi, milli şərabçılıq mədəniyyətinin, yerli üzüm sortlarının, eləcə də Azərbaycanda şərabçılığın tarixi və xüsusiyyətlərinin nümayiş etdirilməsi nəzərdə tutulub.
Həsənova qeyd edib ki, marşrut koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin gələcəkdə yumşaldılması nəticəsində Azərbaycana turist axınının gözlənilən artımından sonra yerli turizm operatorlarına veriləcək.
“Hazırda məlum səbəblərdən bunu həyata keçirmək çətindir, çünki gələcəkdə epidemioloji vəziyyətin necə olacağını bilmirik. Yumşalmalardan sonra biz bu marşrutu yeni turizm məhsulu kimi istifadə etməyi planlaşdırırıq. Bu marşrutu avropalı qonaqlara təklif etmək istəyirik ki, onlar həm Azərbaycana, həm də Gürcüstana səfərlər edə bilsinlər”, - deyə Həsənova qeyd edib.
“Iter Vitis” 2009-cu ildən Avropa Şurasının sertifikatlaşdırılmış mədəni marşrutudur. Marşrut üzümçülük və şərabçılıq mədəniyyətini təbliğ edir. Marşrutu əhatə edən ölkələrdə, həmçinin müxtəlif maarifləndirici və mədəni görüşlər də təşkil olunur.*
X.Nəsirzadə