Avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
“Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub”, - deyə XİN-in məlumatında bildirilir.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə edilib.
“Bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı səfirin qarşısında bir daha qaldırılıb”, - deyə məlumatda qeyd olunur.
Görüş zamanı narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən bu kimi hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.*
E.Şəfiyev