Ermənistanın Qarabağa dair üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı destruktiv yanaşması regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Üç tərəfin imzaladığı 2020-ci il 10 noyabr Bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur”, - deyə məlumatda qeyd olunur.
XİN bildirir ki, üçtərəfli Bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi, və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir.
“Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir. Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur. Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir. Bu baxımdan Ermənistanın BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə