Prezident İlham Əliyev avqustun 12-də “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması haqqında” Fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Reyestr “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılacaq”, - deyə məlumatda bildirilir.
Nazirlər Kabinetinə iki ay müddətində işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini yaratmaq, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etmək tapşırılıb.
Reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.*
E.Şəfiyev