Prezident İlham Əliyev avqustun 12-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməni təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən qurumdur.
Baş İdarənin saxlanılması xərcləri və fəaliyyəti Komitənin təsdiq etdiyi xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Baş İdarə Bərdə şəhərində yerləşir.
Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.*
E.Şəfiyev