2021-ci ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 230,5 milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
İpoteka kreditləri 3,445 min ailəyə verilib.
“Verilən kreditlərin 153,6 milyon manatı adi ipoteka kreditlərinin (2,04 min ədəd), 76,8 milyon manatı isə güzəştli ipoteka kreditlərinin (1,405 min ədəd) payına düşüb”, - deyə məlumatda bildirilir.
7 ay ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib.
Ümumilikdə, 2006-cı ildən bugünədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 882 milyon manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 35,112 min olub. “Bu kreditlərin 625 milyon manatdan çox hissəsini (12,15 min ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə