OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatını 750 min barel səviyyəsində proqnozlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə kartelin aylıq hesabatında deyilir.
Daha əvvəl OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatını 770 min barel səviyyəsində proqnozlaşdırmışdı.
“2020-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0, 73 milyon barel təşkil edib. 2021-ci ilin yekunları üzrə bu göstəricinin 0,02 milyon barel – 0,75 milyon barelə qədər, 2022-ci ildə isə cari illə müqayisədə daha 0,07 milyon barel – 0,82 milyon barelə qədər artacağı gözlənilir”, - deyə hesabatda qeyd edilir.
2021-ci ilin iyun ayında Azərbaycanda maye karbohidrogen hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 milyon barel - 0,73 milyon barelə qədər artıb. Bu dövrdə gündəlik kondensat hasilatı 11 min barel artaraq 122 min barel təşkil edib.
İlin birinci yarısında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 min barel artaraq 154 min barelə bərabər olub. Hesabat dövründə gündəlik neft hasilatı 0,05 milyon barel azalaraq 0,59 milyon barel təşkil edib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb.
“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında (1 aprel 2021-ci il) qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılmalıdır. Cari ilin yanvar-aprel aylarında Azərbaycanın gündəlik xam neft hasilat kvotası 595 min barel təşkil edib.*
N.Abbasova