Avqustun 13-də Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla görüşüb. Bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Tərəflər nazir Kazakbayevin 1-3 iyul tarixlərində Bakıya rəsmi səfərinin nəticələrini, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı Qırğızıstan tərəfinin təşəbbüslərini, dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın, habelə yaxın gələcəkdə “Orta Asiya - Cənubi Qafqaz” bölgələrarası platformanın yaradılması (5+3 formatında) və Qırğızıstan-Azərbaycan İnvestisiya Fondu haqqında razılaşmaların yenilənməsi ilə bağlı məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Səfir Orucov qeyd edib ki, Azərbaycan tərəfi Qırğızıstanın bütün təşəbbüslərini tam dəstəkləyir. Bundan əlavə, tərəflər bu ilin payızında ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasını keçirməyə hazır olduqlarını bildiriblər.
Tərəflər birgə layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycan-Qırğızıstan Dostluq Parkının və Bişkekdə ümumtəhsil məktəbinin tikintisinin başa çatdırılmasının vacibliyini vurğulayıblar.
Nazir humanitar yardım olaraq 40 min doza “AstraZeneca” peyvəndinin göndərilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.*