Azərbaycan Ordusunun sülhməramlı bölməsi Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir”, - deyə məlumatda bildirilir.
“Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”, - deyə nazirlikdən qeyd ediblər.*
N.Abbasova