Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizi yenidən atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb”, - nazirlikdən bildirilir.
Bundan başqa, məlumat verilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub”, - MN-dən qeyd olunur.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - məlumatda urğulanır. **
N.Abbasova