2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $5 milyard 95 milyon 570,44 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 57,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $17 milyard 691 milyon 469,14 min (2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 17,7% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $11 milyard 393 milyon 519,79 min (artım 24,8%), idxalın həcmi $6 milyard 297 milyon 949,35 min (artım 6,7%) təşkil edib.
İxracın strukturunda əsas həcm (88,1%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 16,02% ərzaq məhsullarının, 0,9% tütün və tütün məhsullarının, 4,76% əczaçılıq məhsullarının, 0,53% gübrələrin, 3,18% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,73% odun və agac məhsullarının, 2,02% geyim və geyim aksessuarlarının, 6,99% qara metal və ondan hazırlanan məmulatların, 24,84% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,23% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,83% mebelin, 25,97% digər məhsulların payına düşüb.
Yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarında 7,29 min özəl və dövlət müəssisəsi və 32,226 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyul aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 38,24%-i), Türkiyə (13,51%), Rusiya (4,27%), Xorvatiya (4,37%), İspaniya (4,52%), İsrail (4,04%), Gürcüstan (3,75%), Hindistan (3,1%), Tunis (2,9%), Portuqaliya (2,7%) və Böyük Britaniya (2%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (16,88%), Türkiyə (15,28%), Çin (13,26%), ABŞ (4,16%), Almaniya (6,16%), Ukrayna (4,07%), İtaliya (4,15%), Böyük Britaniya (2,61%), Yaponiya (2,16%) və İranla (3,38%) həyata keçirib.**
X.Nəsirzadə