Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Bank Respublika” ASC-yə $13,5 milyon (11,36 milyon avro) ümumi məbləğdə kreditin ayrılmasını təsdiq edib.
AYİB-in saytındakı məlumatda qeyd olunur ki, kredit vəsaitini iki layihə çərçivəsində ayırmaq nəzərdə tutulur.
Birinci layihə $9,5 milyona (7,96 milyon avro) ekvivalent məbləğin Azərbaycan manatı ilə ayrılmasını nəzərdə tutur. Kredit vəsaitinin Azərbaycanda ASK sektorunda mikro, kiçik və orta biznesin maliyyələşdirilməsi üçün sərf etmək planlaşdırılır.
İkinci layihə $4 milyona (3,4 milyon avro) ekvivalent məbləğin Azərbaycan manatı ilə “Bank Respublika”ya ayrılmasını nəzərdə tutur. Bu vəsaitin Azərbaycanda mikro, kiçik və orta biznesinn kreditləşməsi sahəsində Azərbaycan bankının portfelinin genişləndirilməsi, bankın fondlaşma strukturunun şaxələndirilməsinə yönəltmək planlaşdırılır.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AYİB Azərbaycanda 177 layihənin maliyyələşdirilməsinə təxminən 3,5 milyard avro vəsait ayırıb. Hazırda bankın Azərbaycan üzrə aktiv portfeli 36 layihədən ibarətdir, bu layihələrə 1,124 milyard avro ayrılıb. **
A.Əzizov