Azərbaycan prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu.
Prezident Laçın rayonunda səfərdədir.
Əliyev qeyd edib ki, Laçın hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və burada 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.“Beləliklə, bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək”, - o qeyd edib.
Həmçinin, prezident məlumat verib ki, yeni hava limanından Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. “Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”, - dövlət başçısı bildirib.
Əliyev deyib ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.
Prezidentin sözlərinə görə, indi demək çətindir, bu inşaat nə qədər zaman aparacaq. “Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın”, - Əliyev əlavə edib.
Eyni zamanda, Əliyev məlumat verib ki, Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi 2022-ci il olacaq. Füzuli Beynəlxalq Hava Limanı isə bu ilin sonuna istismara tam hazır olacaq. **
B.Rüstəmbəyov