2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 446,3 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 46,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 milyon 957 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.
Yanvar-iyul aylarında 14,8 min ton (artım 38,3%) tikinti gipsi, 47,5 min ton (artım 72,1%) sementdən kərpic və tikinti blokları, 1 milyon 475,3 min ton (artım 40,6%) hazır beton qarışığı, 20,5 min ton (artım 19,9%) tikinti əhəngi, 330,9 min kubmetr (artım 13,7%) tikinti kərpici, 22,858 ton (artım 72,2%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar, 40 min ton yığma beton konstruksiya (artım 2 dəfə) istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 33,2% (60,5 min ton), azalma qeydə alınıb.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda azad olunmuş ərazilərin bərpası üzrə miqyaslı layihələr həyata keçirir. Bu işlər tikinti materiallarının istehsalının artmasına təkan verir. **
B.Rüstəmbəyov