2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 15 milyard 845 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Operativ məlumatlara əsasən, yanvar-iyulda elektrik enerjisinin istehsalı İES-lərdə 14 milyard 754,8 milyon kVt·st (artım 2,8%), SES-lərdə 877,4 milyon kVt·st (artım 13,3%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Alternativ mənbələr üzrə elektrik enerjisinin istehsalı 212,8 milyon kVt·st (azalma 0,1%) olub. Xüsusilə, külək elektrik stansiyalarında 55,4 milyon kVt·st, günəş elektrik stansiyalarında 32,2 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 125,2 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 227,5 milyon kVt·st (Azərbaycanda elektrik enerjisi istehsalının 89,8%-i), Naxçıvan MR-in enerji obyektləri üzrə 263,9 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 312,56 milyon kVt·st, “Azərişıq” ASC-nin külək stansiyası üzrə 41,04 milyon kVt·st təşkil edib.
Yanvar-iyul aylarında elektrik enerjisinin ixracı 822,4 milyon kVt·st (artım 12,9%) təşkil edib. Həmçinin, İrana elektrik enerjisi ixracı 152,3 milyon kVt·st, Türkiyəyə - 109,1 milyon kVt·st, Rusiyaya – 56,1 milyon kVt·st, Gürcüstana – 504,9 milyon kVt·st təşkil edib.
Hesabat dövründə Azərbaycana elektrik enerjisi idxalı 100,1 milyon kVt·saatı ötüb (artım 17,9%). İdxalın strukturunda 19,6 milyon kVt·st İranın, 55,8 milyon kVt·st - Rusiyanın, 24,7 milyon kVt·st – Gürcüstanın payına düşüb. **
N.Abbasova