2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 5 milyard 271 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 5,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 milyard 536,7 milyon manat məbləğində heyvandarlıq, 2 milyard 734,3 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,6%, bitkiçilik məhsullarının istehsal həcmi 8,5% artıb.
7 ay ərzində respublikada 307,9 min ton ət (artım 3,2%), 1 milyon 263 min ton süd (artım 1,7%), 1 milyard 120,7 milyon ədəd yumurta (azalma 4,2%), 15 min ton yun (artım 0,1%), 491,3 ton barama (artım 10%) istehsal edilib.
DSK-nin məlumatına görə, respublikada ASK məhsullarının yığımı davam edir və avqustun 1-nə 1 milyon 183,6 min ton tərəvəz yığılıb ki, bu da bir il əvvələ olan göstəricidən 10,1% çoxdur.
Bundan başqa, hesabat dövründə 650,1 min ton kartof (artım 6,3%), 3 milyon 54,4 min ton dənlilər (artım 5,5%), 21,7 min ton qarğıdalı (artım 17,9%), 381,9 min ton bostan bitkiləri (artım 5,2%), 292,2 min ton meyvə və giləmeyvə (artım 10,9%), 796,4 ton yaşıl çay yarpağı (artım 32%), 2,9 min ton günəbaxan (artım 16,6%) və 2,7 min ton tütün (artım 10%) yığılıb.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.**
X.Nəsirzadə