2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 107 milyon 887,3 min ton yük daşınıb ki, bu da 2020-ci ilin 7 ayının göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,7% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,3% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin 7 ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 8 milyon 386 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,9% çoxdur.
Dəniz nəqliyyatı ilə 3 milyon 230,1 min ton (azalma 8,2%), avtomobil nəqliyyatı ilə 61 milyon 367,9 min ton (azalma 6,1%), hava nəqliyyatı ilə 273,8 min ton (artım 19,6%) müxtəlif yük daşınıb. Yanvar-iyul aylarında daxili neft kəmərləri vasitəsilə 20 milyon 366,1 min ton neft (azalma 3%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
N.Abbasova