2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 650 milyon 356,7 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 320,3 min nəfər (azalma 7,2%), dəniz nəqliyyatı ilə 8,1 min nəfər (azalma 31,4%), hava nəqliyyatı ilə 513,6 min nəfər (artım 10,8%) daşınıb.
Bundan başqa, yanvar-iyul aylarında avtomobil nəqliyyatı vasitələri ilə 628 milyon 460,7 min sərnişin (azalma 10,2%) daşınıb.
Həmçinin, bu dövrdə avtobuslarla 573 milyon 696,5 min sərnişin (azalma 14,8%), taksilərlə 54 milyon 764,2 min sərnişin (artım 2,1 dəfə) daşınıb.
2021-ci il mayın 31-də fəaliyyətini bərpa edən Bakı metropoliteni ilə 20 milyon 54 min sərnişin (azalma 68%) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb (yalnız çarter və ayrı-ayrı ölkələrə xüsusi reyslər həyata keçirilib).
Bundan başqa, 2020-ci ilin mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Bakı Metropoliteninin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Metropolitenin fəaliyyəti oktyabrın 19-dan 2021-ci il iyunun 1-dək yenidən dayandırılıb. 2021-ci il mayn 31-də Bakı metropoliteni fəaliyyətini yenidən bərpa edib. **
B.Rüstəmbəyov