Azərbaycan hökuməti hazırki mərhələdə18 yaşadək uşaqların vaksinasiyasını planlaşdırmır. Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Bu günə 18 yaşadək uşaqlara COVID-19 peyvəndinin vurulması vaksin şirkətləri tərəfindən rəsmi olaraq elan olunmayıb. Lakin bəzi ölkələrdə müvafiq tədqiqatlar aparılır, 18 yaşadək uşaqlara peyvənd vurulur. Biz bir neçə dəfə bu mövzunu Səhiyyə Nazirliyində müzakirə etdik, lakin hələlik bu məsələ gündəlikdə deyil”, - Qarayeva cümə günü brifinqdə bildirib.
Həmçinin, Qarayeva koronavirusa qarşı üçüncü dozanın tətbiqi məsələsini şərh edib. “Revaksinasiya yeni üsul deyil. Koronavirus yeni virus növü olduğuna görə, müntəzəm olaraq müxtəlif tədqiqatlar aparılır. Vaksin 6-8 ay müdafiə edir. Buna görə, əksər ölkələr hesab edilər ki, immunitet zəiflədikdən 6 ay sonra vaksinin növbəti dozasının vurdurulması əhəmiyyət kəsb edir. SİNOVAC qeyd edir ki, yaşlı insanlara üçüncü dozanın vurulması onların müdafiəsini gücləndirir. Bu səbəbdən, biz yaşlı insanlara, tibb işçilərinə və immuniteti zəif olan şəxslərə 6 aydan sonra üçüncü dozanın vurulmasını tövsiyyə edirik”, - o vurğulayıb. **
E.Şəfiyev