Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Sumqayıt şəhərində ikinci yaşayış kompleksində (Sumqayıt-2) 8 çoxmənzilli yaşayış binalarının tikintisi üçün podratçılar seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tender iki lot üzrə keçirilir. Birinci lot №1, № 4, № 5 və №6 saylı 9 mərtəbəli bir bloklu yaşayış binaları, həmçinin birmətəbəli qeyri-yaşayış binanın tikintisini nəzərdə tutur.
İkinci lot №2, № 7, № 8 və № 9 saylı 9 mərtəbəli bir bloklu yaşayış binaları, həmçinin birmətəbəli qeyri-yaşayış binanın tikintisini nəzərdə tutur.
Hər lot üzrə tenderlərdə iştirak haqqı 600 manatdır.
Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Şirkətlərdən tender təklifləri 5 oktyabr saat 14:00-dək qəbul olunur. Tender proseduru oktyabrın 6-da saat 14:00-da baş tutacaq.
Tender predmetinin dəyəri $3 milyondan artıqdır.
Yeni kompleks Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 ha ərazidə inşa olunacaq.
Hazırda MİDA Sumqayıt şəhərində ümumi sahəsi 0,76 hektar olan ərazidə yaşayış kompleksinin tikintisi layihəsini reallaşdırır. Yaşayış kompleksi 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Bütün işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 36-sı birotaqlı, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində işlərə başlayıb.**
B.Rüstəmbəyov