“Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC)Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağında yeni hasilat quyusunun qazma işləriuni başa çatdırıb.
“Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6120 metr dərinlikdə uğurla başa çatdırılıb, məhsuldar qatın Vll horizontu tam açılıb”, - SOCAR şirkətinin məlumatında deyilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
SOCAR-ın məlumatına görə, “Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılıb. “Beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0.75 mln. m³-dən pilləli şəkildə 3.0 mln. m³-ə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunub”, - şirkətdən bildirilir.
“Ölkəmizin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə uğurla davam etdirilir. “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilmiş və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olmuşdur”, - məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərinə istinad olunur.
Hazırda “Umid-1” platformasında gündəlik 3.1 mln m³ qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6.7 mln. m³ qaz və 950 ton kondensata kimi artırılmışdır. “Bu həcmdə hasilat potensialının Xəzər dənizində SOCAR-ın istismar etdiyi platformalar arasında ən yüksək göstərici olması gözlənilir», - şirkət qeyd edir.
SOCAR-ın məlumatına görə, “Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcək
“Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaq. Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün UBOC tərəfindən işlər qrafikə uyğun olaraq aparılır”, - məlumatda deyilir.
“Ümid” yatağı 2012-ci ilin sentyabr ayında istismara verilib.
Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb və may ayında qüvvəyə minib.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat, “Babək” strukturunun ehtiyatları isə 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
Qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (Ümid-2) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. **
N.Abbasova