Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən “Stavropolskiy broyler” MMC-nin “Nevınnomısskiy” ət kombinatının quşçuluq məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə AQTA-dan məlumat verilir.
10 avqust 2021-ci il tarixində “AzFood Company” MMC tərəfindən ölkəmizə 19 min 135.23 kq quşçuluq məhsulu idxal edilib. Məhsuludan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulun mikrobioloji göstəricilərinin yol verilən həddən çox olduğu aşkar edilib. Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib, məhsulun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Məsələ ilə əlaqədar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumatlandırılıb”, - məlumatda qeyd olunur. **
A.Salayeva